Tekil Mesaj gösterimi
Alt 13.04.10   #3
Ismin
Ismin - ait Kullanıcı Resmi (Avatar)
Kıdemli Üye
Üye
Üyelik tarihi: Mar 2010
Nereden: Can Azerbaycandan
Mesajlar: 206
Rep Puani : 10
Standart Cevap: Azeri Hz.Əli forum


Xaqaniden seçmeler:

M Ü X T Ə L İ F Ş E R L Ə R

1. MƏDAİN XƏRABƏLƏRİ


İbrətlə bax, ey könlüm, bu aləmə gəl bir an,
Eyvani-Mədaini ayineyi-ibrət san.

Dəcləylə güzər eylə bir dəfə Mədainə,
Bir Dəclə sən gözdən torpağına tök nalan.

Bax, Dəclə tökər gözdən yüz Dəclə qədər qan, yaş.
Göz yaşı deyil, atəş süzməkdə yanağından.

Bax, Dəclə köpüklənmiş, hər dalğa dodağında
Bir eylə uçuqdur ki, doğmuş könül ahından.

Gör, Dəclənin həsrətdən bağrı necə yanmışdır.
Söylə, eşidibsənmi, su odda ola büryan?!

Dəryaya verir Dəclə illərlə tükənməz qan,
Sən Dəcləyə bir pay ver, gözdən tökərək al qan.

Qopsa dodağından ah, qəlbindən alov hərgah,
Tən yarı donar Dəclə, tən yarı saçar vulkan.

Zəncirə düşən Dəclə zəncir kimi qıvrılmış.
Eyvani-Mədaini görcək yer ilə yeksan.

Göz yaşları dil açsın, eyvana xitab etsin,
Bir kəlmə cavab alsın qəlbin qulağı ondan.

Başlar öyüdə hər an diş-diş divarı qəsrin,
Sanki dil açıb söylər tarixini hər dəndan.

Bayquşların ahından ağrır başımız daim,
Göz yaşı gülabıyla et dərdimizə dərman.

Hər bülbülü bir bayquş, hər nəğməni bir növhə
İzlər bu cahan içrə, olma buna, gəl, heyran.

Bir ədl sarayıykən zülmilə xarab olduq,
Zalimlər olan qəsrə gör neyləyəcək dövran.

Sarsıtdı kim əflaka qalxan belə eyvanı,
Göylərdəki qüvvətmi, etdi ya fələk viran?

Ağlar gözümə güldün, sordun: bu nə matəmdir?
- Çox gülməlidir burda hər ağlamayan insan.

Nə zalı Mədainin Kufə qarısından kəm,
Nə hicrəsi təndirdən naqis tutular bir an.

Kufəylə Mədaini mənada bərabər tut,
Təndir qala qəlbinlə, gözdən tələb et tufan.

Bir vaxt bu eyvanın astanasını, üzlər
Saldıqları nəqş ilə etmişdi nigarıstan.

Burda nökər olmuşdur Babil şahı illərcə,
Bu qəsrə qulam olmuş bir vaxt şəhi-Türküstan.

Etmiş buradan bir gün şiri-fələkə həmlə
Jürətlə o aslan ki, yonmuşlar onu daşdan.

Zənn eylə o əyyamdır, fikr ilə nəzər sal, gör,
Dərgah haman dərgah, meydan haman meydan.

Söylər: ayağın bərk bas, göz yaşını tök rahat,
Biz torpaq olub getdik, sən də diri torpaqsan.

Atdan yerə en, üz sürt torpağına, seyr eylə,
Fil pəncəsi altında şahkan mat olub Neman.

Yox filləri Neman tər torpağa salan şahlar,
Fil kimi gecə-gündüz onları əzər dövran?!

Təqdirə baxın, bir vaxt fil aciz edən şahlar,
Şahmatda qalıbdır mat bir fil kimi sərgərdan

Nuşirəvanın qanın Hürmüz qafa tasında
İçmiş, belə məst olmuş torpaq dediyin ətşan.

Tacında onun bir vaxt vardısa nəsihətlər,
Minlərcə nəsihət var beynində bugün pünhan.

Kəsra ilə narıncı, Pərviz ilə tərxunu
Çoxdan unudulmuşlar, torpaqla olub yeksan.

Düzdürdü qızıl tərxun öz süfrəsinə Pərviz,
Süfrə bəzənib oldu zər səbzəli bir bostan.

Pərviz yox olmuşdur, ondan daha söz açma,
Get, "Kəmtərəku" söylə, zərdən tərə yox əl an.

Sordun: hara getmişlər indi o böyük şahlar,
Bir hamilədir torpaq, çox udmuş o, şah, xaqan.

Çox gec doğacaq torpaq, qayda belədir əslən,
Tez nütfə tutan kəslər doğmaz o qədər asan.

Meynə yetirən meydir Şirinin ürək qanı,
Pərviz cəsədindəndir ol küp ki, qoyar dehqan.

Udmuş nə qədər, bilsən, zalimləri bu torpaq,
Lakin yenə doymaz bu acgöz adam udmaqdan.

Körpə qanını sürtər rüxsarına ənnik tək,
Bu döşü qara kaftar, ağ qaşlı bu biiman.

Xaqani, bu dərgahdan sən daima ibrət al,
Ta almaq üçün ibrət gəlsin qapına xaqan.

Dərviş bugün umsa şahlar qapısından pay,
Dərvişdən umar bir gün ruzi, onu bil, soltan.

Adət belədir: Məkkə töhfə verər hər şəhrə,
Sən töhfə Mədaindən al, qoy bəzənə Şirvan.

Hər kəs aparan təsbeh çün Jəmrə gilindəndir,
Təsbeh al o yerdən ki, torpağa dönüb Səlman.

İbrətlə bu dəryaya bax, dadlı suyundan iç!
Olmaz keçəsən ətşan bu Şətt kənarından.

Kim gəlsə səfərdən, bil, bir töhfə verər dosta,
Qoy ərmağının olsun hər dostuna bu dastan.

Bax gör ki, bu şer içra nə sehr yaratmışdır,
İsa kimi bir sərsəm divaneyi-hikmətdan.


2. ŞİRVANIN TƏRİFİ

Şirvan ki var hər cəhətdən ülviyyətin anasıdır,
Onun hər cür səhər yeli dərdlərimin davasıdır

Mən vətənə qurban olum, qurulmuşdur düzgünlüklə
Bağdadı da dolandıran onun bollu qidasıdır.

Şirvan əhli alicənab yaranmışdır, başdan-baş
O yer gözəl təbiətli bir lətafət məvasıdır.

Bağdad isə bir əlillər ölkəsidir, orada, bax,
Hər tərəfi çulğalayan ahü nalə sədasıdır.

Vətənimin fəqirləri dözümlüdür hər zəhmətə,
Gözləri tox, ürəkləri sanki kərəm dəryasıdır.

Çörəkləri arpadan da olsa yenə qanedirlər,
Düyü qədər pulu olsa qürrələnməz, ədasıdır.

İndi Şirvan həsrət ilə mənə qalmış intizarda,
Çünki ora ədəb yurdu, cəsur şirlər yuvasıdır.

Mərifətdə Şirvan əhli yüksək durur ərəblərdən,
Xaqaniyə həyat verən doğma yurdun havasıdır.


3. SAVALAN DAĞININ
TƏRİFİ

Səadət qibləsi Savalan dağı,
Kamalda Kəbə tək qazanıb şöhrət.

Kəbə yaşıl geyər, ağ bürünər o,
Çünki eyham tutan geyər ağ xələt.

Bir yerdə oxudum fəzilətindən,
Üç ildir çəkirəm görməyə həsrət.

Getdim ki, başına dolanım onun,
Dağlar anasıdır çünki o afət.

Başdan ayağadək örtükdədir o,
Deyir - bakirəyəm,- açınca söhbət.

Min illər ömr edən bu qoca qarı,
Desə - bakirəyəm, - yalandır əlbət.

Gəldi daxmasına Xızrla Musa,
O, fəqir dərviş tək çəkdi xəcalət.

O qarının yaman böyük burnu var,
Gizlədər burnunu örtüklə hər vəxt.

Dedim ki, çadranı üzündən götür,
Kim dedi qız kimi üzünü gizlət!

Dedi ki, dörd aydan sonra bir külək
Qapanda çadramı görünər surət.

Xaqani, gəl onda bu bakirəyə
Şerini çadra et, göstər məharət!


4

İraqa, İrana eyləsəm səfər,
Başıma yağış tək yağar simü zər.

Orada şairə qiymət verən var,
Xəzinəm ləl ilə, gövhərlə dolar.

Şahlar məclisimdə diz çökər mənim,
Başıma tabaqla zər tökər mənim.

Bakir sözlərimin aşiqi olan
Ariflər əlimi öpər hər zaman.

Nemətə, dövlətə qərq olaram mən,
Barınar el, oba mənim süfrəmdən.

Lakin üzüm gülməz, gözlərim ağlar...
Qəlbimdə dağ qədər ağır intizar.

Vətən həsrətilə töküb göz yaşı,
"Ah, vətən!" deyərəm mən hər söz başı.

Şamaxı! Ey mənim sevimli yurdum,
Mən sənin qoynunda xanıman qurdum.

İndisə acığın tutmuşdur mana,
Sənin qucağından ayrılsam, ana,

Ümidim, pənahım Təbrizdir, Təbriz.
O şəhər də mənə doğmadır, əziz.

Siz mənə həyatı etdiniz əta,
Sən mənə anasan, Təbrizdir ata.

Anasından küsən körpə bir uşaq,
Ata ağuşunda yer tapar ancaq!


5. REY ŞƏHƏRİNİN İQLİMİNİ
MƏZƏMMƏT

Reyin yaxşı adamından uzaq olsun qara gün,
Reyin abü havasının başına kül tökülsün.

Məni heyrət götürmüşdür görən necə yaşayar,
Bu cəhənnəm guşəsində o behiştlik adamlar.

Reyin abü havasına düşsə əgər bir nəfər,
Qəlbi suya dönər yəqin, canıysa badə gedər.

Rey çox pisdir, lakin onun böyükləri yaxşıdır,
Çox razıyam, məncə, onlar insanlığın naxşıdır.

Yaxşı məni yaxaladı, Reyə gəlcək yamanlıq,
Pis mənmişəm, nə edərdim, Rey olsaydım bir anlıq.

Deyirlər ki, Əqrəbdədir Reyin tale ulduzu,
Xəbərsizəm, fəqət mənə əqrəb oldu Rey özü.

Deyirlər ki, soyuq olar əqrəblərin zəhəri,
Qızdırmaya saldı məni Rey zəhrinin əsəri.

Qurban olsun İsfahanın Rey dağına, düzünə,
Tutya olsun İsfahanın torpağı Rey gözünə.

Gözüm lütfü kərəm görmüş hər bir zaman reylidən
Reyin suyu, torpağıdır məni üzüb qəhr edən.

Reyin böyük adamları, alimləri, doğrudan,
Hökmdarım, havadarım olmuş mənim hər zaman.

Fikri azad fazilləri göstərərək kəramət,
Mənə hörmət eylədilər, göstərdilər mərhəmət.

Hörmət qoyub, yer verdilər gəldiyim gün kübarlar.
Mən onlara canü dildən minnətdaram, minnətdar.

Xorasana getmək üçün icazə yoxsa mənə,
Rey əzabı çəkməkdənsə, dönmək xoşdur vətənə.

Qətlim üçün əldə qılınc Rey arxamca çapır at,
Boynu düşsün Reyin, bəlkə tapım əlindən nicat.

Əzrayılla qarşılaşdım bir gün səhər nagəhan,
Ayaqyalın qaçır, gördüm, Rey yaydığı vəbadan.

Dedim: - Sən də baş götürüb qaçırsanmı, Əzrayıl?
Dedi: - Necə mən binəva durum Reyə müqabil?


6

Bağdad xəttinə qədər şərab ver, apar məni,
Yenə də gəl Bağdadda eylə bərqərar məni.

Baxdım gömrükxananı bəzəyiblər büsbütün,
Eyşimi bac etdilər, işimdə bizar məni.

O mənzildən ki, köçdük ilk səfərdə səninlə,
Haman karvansaraya tez yetir, çapar, məni.

Keçən il yüz cəhd ilə can atırdım Kəbəyə,
İndisə meyxanaya sən eylə züvvar məni.

Şəvniziyyə adını təkrar etmə yanımda,
Apar Hanutiyyəyə tapşır sən xumar məni.

Deyirsən, yetmiş iki həcdir bu ilki həcci,
Gəl belə bir savabdan yazığam, qurtar məni.

Dedim, Kəbə başının üzərində dolandı,
Belə bir əfsanəyə sanma gəl uyar məni.

Qapısını Kəbənin döydüm, açmadı əsla,
Ya döyməyi bilmədim, ya o, yad sayar məni.

Yapışdım ətəyindən, dinləmədi duamı,
Nəfəsimi duymayan heç yaxın qoyar məni?!

Məni qəbul etmədi Kəbənin aslanları,
Çox sevir kəlisada nə qədər it var məni.

Atəşgədə görüncə qovulmuşam Kəbədən,
Yalvararaq özünə etdi havadar məni.

Xam şərabı saf edən söyüd kömürüyəm mən,
Saqi bilər qədrimi, göz üstə saxlar məni.

Hamının məhəng daşı Həcərül-Əsvəd olmuş,
Saf qızıl deyiləm mən, məhək etdi xar məni.

Xanəgah sənin yerin, meyxanəsə mənimki,
Səccadə sənə düşdü, bəzədi zünnar məni.

Dinin aparmayacaq, bil ki, səni cənnətə,
Sidq ilə cəhənnəmdən zünnar qurtarar məni.

Zahidliyə, riyaya bir misqal ehtiyac yox,
Rind olmağa xarvarla ehtiyac dartar məni.

Lalə mey içdiyindən çıxmışdır qabığından.
Sən də mənə mey içirt, cildimdən çıxar məni.

Dərdsiz taət etməkdən şərab içmək yaxşıdır.
Az dərdim çox taətdən yaxşı tanıdar məni.

Gil olmayıb Nilində, gül rəngli mey içərəm
Ki, qəbrimdə qorusun bitən tikanlar məni.

Mey içirəm, kəsiblər göbəyimi şərabla,
Sanma sənin töhmətin bu işdən qoyar məni.

Çoxmu qorxudacaqsan xəncərlə? Kaş olaydı
Qılıncın bir həmayil, qucaydı, nigar, məni.

Səndən minnət götürrəm, azadələr içində
Nurlu şam tək təxt qurub, etsən hökmdar məni.

Təşəkkür eyləyərəm xalça üzərində, yar,
Çıraq kimi söndürüb, öldürəsən zar məni.

Sən bir qatil göndərib, tapşırdın ona gizli,
Qanıma qəltan etsin xəlvət o xunxar məni.

Bir nəfər xəbər tutub sənin gizli qəsdindən,
Gizli qasid göndərib etdi xəbərdar məni.

Niyə mənim qətlimi tapşırırsan qatilə,
Özün öldür, bu ölüm çox razı salar məni.

Əlin yüngüldür, özün rahatca tök qanımı,
Razı olma öldürə əzabla əğyar məni.

Kafir, sərxoş deyirsən, Xaqaniyə hər zaman,
Tanıyır ancaq hamı mömin və huşyar məni.


7. GƏNCLƏRƏ NƏSİHƏT

Fitnə törətmə, ey fitnəkar cavan!
Fitnədir elləri dərdlərə salan.

Jana məlhəmsə də vəfa, etibar,
Fitnəkarlıq edər onu tarımar.

Məhşərin sübhüdür, lağım atma sən,
Gizli lağım qazan qorxar sübhdən.

Hiylə - oğurluqdur, xoşsa əvvəli,
Oğrunun axırda kəsilər əli.

Hiylənin şişindən qızarır üzün,
O qızaran üzlər şişəndir bütün.

Nifaq xəstəsisən nə qədər ki, sən,
Əlac saymaqdan da ziyan görərsən.

Vəfa küçəsində ev tut, yəqin bil:
Vəfa mənzilidir ən yaxşı mənzil.

Bu gün yoxdursa da kimsədə vəfa,
Vəsiyyət edirəm; olma bivəfa.

Çalış az dostluq et, etsən də əgər,
Dostluqda möhkəm ol, sözdə mötəbər.

Dostu qovanları alma yanına,
Yoxsa gözün ağlar bu əhvalına.

Dostun haqlı vursa birini zinhar,
Demək ki, layiqdir, çıxma havadar.

Dostun bir adamı ayaqdan salsa,
Ucaltma başını Jəmşid də olsa.

Dost müttəhim edib, kimi etsə rədd,
Qardaşım olsa da önünə çək sədd.

Qırsa bir budağı dost hirslənərək,
O, cənnət ağacı olsa da əl çək.

Dostun əkdiyi gül olsa da tikən,
Çıxarıb yerindən onu atma sən.

Özgənin əlilə adam olanlar
Dost qədri bilməzlər, nankor olarlar.

İsa düzəldən gil quşdur ki, quşdur,
İdris əkən qamış qələm olmuşdur.

Həqq yolunda çalış o qədər ki, həqq
Razı qaldığını biləsən mütləq.

İsanı narazı, keşişi məmnun
Edəndən olarmı, de, həvvariyyun!?

Bir kiçik adama nəvaziş etsən,
Sənin böyüklüyün getməz əlindən.

İtə nə rəng vursan itdir, arslandan
Qalan sümükləri yeyər hər zaman.

Razılıq etsə də səndən bir nadan,
Onun tərifinə aldanmayasan.

Sən onu öydükcə, o lovğalanar,
Özünü yoldaş yox, əmoğlun sanar.

Daha boyun qoymaz işə, xidmətə,
Loğalar yabançı olur hörmətə.

Kiçiyə böyüklər ad qazandırar,
Şaha xidmət edən bayraq ucalar.

Gördüyün hər kəsi zənn etmə insan,
İnsan var, əslən şeytandır, şeytan.

Boyun böyüklüyü deyildir gərək,
Hümmət böyük olsun bir də ki, ürək.

Göz bağlar qapını yatdığı zaman,
O minnət götürməz heç bir çıraqdan.

Gavə Firiduna çatdığı zaman
Bilməz harda qaldı körüklə zindan.

Dünyada ağıl tək bir ustad varmı?
O bir qul yanında şagird olarmı?

Ədəbdən canına bir tilsim düzəlt,
Kəsranın tacına ədəbdir ziynət.

Nemət üçün tərif yazma nadana,
Elmü hikmət əhli layiqdir buna.

Yalnız hünərinlə sən şöhrət axtar,
Təriflə həcvdir yerdə qalanlar.

Günəşin şərəfi Həməldə deyil,
Şərəf-and içənin "vav"ındadır, bil.

Sənətdə tək olan bu Xaqanidən,
Gəl, incə mənalı fikir eşit sən.

Qorun pis adamdan, anla ki, onlar
Əqrəb tək kor olar, ilan tək lal, kar.


8

Könüldən pərdəni, gəlin, qaldıraq,
Yaxşılıq eyləyək dünyada ancaq.

Eşqə düşənləri toplayıb, barı,
Bir məclis düzəldən qələndərvarı.

Hümmət örtüyü də olsa dünya, din,
Ayağı altına ataq dilbərin.

Daş-kəsək atsa da bizə dost əgər,
Təşəkkürlə ataq ona biz şəkər.

Gözlərdən üzərlik edərək, həmin
Önündə yandıraq ki, göz dəyməsin.

Atın tale kimi baş aparsa da,
Vəfadan bir kəmənd atarıq ona.

Ov ələ bu yolla keçsə çox gözəl,
Keçməsə atarıq başqa yola əl.

Biz nə vaxta qədər sözgəzdirənlər
Əlindən dad çəkək hər axşam-səhər.

Gəlin, dosta açaq bu dərdi, dostlar!
Edək böhtançılar ordusunu xar.

Xaqani canından mərdü mərdana
Bir töhfə göndərək böyük Xaqana.


9

Günəş tək sən də Xaqani
Tək olmaqçün çalış hər an.

Kaman tək qəmzəsi yarın
Atıbdır sinənə peykan.

Ağardı saç, yarın qaçdı,
Ürək qaldı cavanlıqdan.

Ki, can qurtarmağa oğru
Qaçar sübhün tüluundan.

Başındakı bu ağ tüklər
Deyil kinli fələkdən, qan.

Bu ağ tüklər köməkçindir,
Verilmiş bəxtinə ehsan.

Başı vaxtsız ağartdınsa,
Ömür oldu baharıstan.

Bu ağ tükdən kədərlənmə,
Uzun ömrə odur mizan.

Gecələr qısa keçmişsə,
Demək ki, tez sökülmüş dan.

Kamal əhlini tənəylə
Edər rüsvay çox nadan.

Adın dünyanı tutmuşdur,
Sözündə sirrlər pünhan.


10

Fəzilət, Xaqani, baş ağrısıdır,
Gör necə dərdlidir fazil adamlar.

Hünər sahibləri, ağıllılar da
Dərdü sər içində edir ahü zar.

Şahlıq tacı qoyan kədərsiz olmaz,
Xəzinə üstündə yatar şahmar.

Başçılıq zəhmətsiz əldə edilməz,
Döyüşsüz şöhrətə çatmaz bir sərdar.

Fil əgər əziz də olsa, minici
Dəmirlə beynini döyər biqərar.

Sürməni nə qədər narın etsələr,
Onun qiyməti də o qədər artar.

Göbəyi kəsilən zaman uşağa
Mamanın yazığı gəlməz, aşikar.

Sözüm bal kimidir, paxıllar amma
Bal yeyib, ağzından tökdü zəhrimar.

Ari pətəyindən bal tutan adam,
Arı sancmasa da onu qovalar.

Halbuki üzünü palçıqla örtər
Bal tutmaq istəyən aqil adamlar.

Musanın əlləri palçığa batmaz,
Xızra hər kərpicdir bir xəzinədar.

Sən bilik şirinin balası ikən,
Jəhlin qarışqası edir səni xar.

Sən fərəh sərvisən, güman etmə ki,
Qəm sənin üstünə çiləməz qubar.

Hünərin bir ceyran müşkünə bənzər.
Nə əcəb müşkündən yaranır azar?!

Jeyran göbəyindən ətir alanda
Vaxt olar adamın burnu da qanar.

Ətirin tutmuşdur bütün cahanı,
Eylə yaradana şükrünü izhar.

Bil ki, naşükürlük kafura bənzər
Ki, müşkün ətrini vurub dağıdar.


11

Bu göylər şahının lütfü mənə sayə salıb əlan.
Zavallı könlümə vermiş yeni qüvvət, yeni ruh, can.

Ürək dil açdı, şükr etdi ki, qurtardım fəlakətdən
Nə yaxşı - söylədi canım - tükəndi möhnəti-zind

Belə olduqda şadlandım, nəhayət, arzuma çatdım;
Sənə qoy söyləyim indi qəribə bir məsəl, canan

Gedib məğrib-zəminə bir kişi dərya kənarında,
Dararkən başını bir tük yerə saldı o başından.

Köçüb sonra o məğribdən, səyahət eylədi şərqə,
Bu müddət çox külək əsdi, yağışlar eylədi tufan.

Otuz il keçdi bu gündən, yenə səyyah gəlib qərbə,
Haman yerdən götürdü öz tükün, oldu buna heyran.

Buna Xaqaninin halı, onun Abxazə ezamı,
Necə də oxşayır, bir bax, necə dövr eyləyir dövran.

Olub Abxaz ona məğrib, şahın dərgahı bir dərya,
Zavallı canı bir tük tək düşüb qalmış ora nala

Əgər bir vaxt o da canın taparsa tük kimi təkrar,
Ona tənə edib, bir də gülərmi nanəcib düşman?

Olub indi mənə həmdəm səsi çaş-baş vuran bir ney
Əlimdən öz neyimi, gör, necə aldı fələk asan.

Açılmış bir gül ağzıdır mənim ağzım bu gün yal
Bu dünyaya qızıl, yaqut səpər ol gül öz ağzından.

Fəqət əfsus ki, gülməz könül Rey mülkü də olsa,
O hər vaxt sadə bir sözlə olardı nəşəli, xəndan.

Bu Kür Jeyhun olar, Tiflis Səmərqəndi qoyar dal
O vaxt ki, Tiflisə Kürlə gələr Xaqani və xaqan.


12

Ey Xaqani, pis rəhbərdən ehtiyat et, qorx ondan!
Rəhbər əgər pis olarsa, yol düz olmaz heç zaman.

Bir nanəcib səndən ötrü iftixarla görsə iş,
Sənin fəxrin ara dönər, o iş verər min ziyan.

Nacins adam sənin yaxşı əməlini pis edər,
Sənin yaxşı sözlərinlə yaxşı olmaz o nadan.

Səni axır öz halına salar nacins adamlar,
Zər qurşunla oturarsa, rəngində tapar nöqsan.

Əgər qızıl civə ilə ağarırsa, Xaqani!
Od içinə salınanda olur necə, gör, əlvan.
Sponsor Reklamlar

Ismin isimli Üye şimdilik offline konumundadır   Alinti